Corey verene tepiy atanin hali bele olur....
37, Baku, Αζερμπαϊτζάν

.. Nankorluq......
(ibretamiz hekaye) Neçə illər idi ki, dərzi işləyirdi. Balaca bir tikiş
maşını, bir də balaca bir emalatxanası vardı.
Gecə-gündüz əlləşib-vuruşur, ancaq qazancı
bir qarın çörəyə çatırdı. Soyuq bir qış
gecəsində dərziyə dəhşətli bir
faciə üz verdi. Elektrik qızdırıcısını söndürməyi unutduğu üçün emalatxanası
yandı. Səhər işə gələndə artıq emalatxanadan
əsər-əlamət qalmamışdı. İndi necə olursa-
olsun bir iş tapmalı idi. Bir
xeyli ac-susuz gəzəndən sonra bir bankın
qarşısına gəldi. Bankın yaxınlığındakı parkda oturub bir qədər dincəlmək istəyirdi. Elə bu
vaxt bankın qarşısında dayanan maşından
yaşlı bir adam düşdü. Üz-gözündə bir
gərginlik var idi. Hiss olunurdu ki, bərk
əsəbidir.
Yanındakılara: «Məni rahat buraxın. Bir az tək qalmaq istəyirəm. Bəlkə bir az sakitləşdim» —
dedi və bankın qarşısındakı parka üz tutdu.
Qoca dərzinin yanından keçədə dərzi qeyri-
ixtiyari onun əynindəki paltoya baxdı. Bu
yaşı adamın diqqətindən qaçmadı. Ürəyində:
«Görəsən, ona necə kömək edə bilərəm?» — deyə fikirləşdi. Dərzinin yanına yaxınlaşıb:
«Bu soyuqda parkda niyə oturmusan?» —
deyə soruşdu. Sonra da: "Əgər üşüyürsənsə,
paltomu sənə verə bilərəm", — deyə əlavə
etdi. Dərzi utana-utana: " Yox, təşəkkür
edirəm. Mən sadəcə olaraq paltonuzun sizin əyninizə oturmadığını düşünürdüm. Paltonuz
sizi olduğunuzdan çox kök göstərir" ,- dedi.
Qoca bu cavabdan çox təəccübləndi və: «Sən
bunu haradan bilirsən?» — deyə soruşdu.
«Mən dərziyəm», — deyə adam cavab verdi.
Qoca, «Elə isə mənimlə gəl», — deyərək dərzini öz maşınına mindirdi. Bu hadisə
dərzinin həyatında bir dönüş nöqtəsi oldu.
Sonra qoca dərziyə emalatxana açmaq üçün
bir qədər pul verdi. Qoca özü də bütün
paltarlarını bu dərzidən tikdirməyə başladı.
Dərzi özünə yeni bir iş yeri tapdığı üçün sevinirdi. Üstəlik, bu onun öz iş yeri idi. Qoca
dərzidən öz köməyini əsirgəmir, öz dost-
tanışını da onun yanına göndərirdi. Sifarişlər
artdıqca dərzinin «imkanları» da artırdı.
Beləcə balaca emalatxana əvvəlcə böyük bir
moda evinə, sonra isə böyük bir şirkətə çevrildi. Artıq dərzi az qala bütün dünyada
məşhurlaşmışdı... Bir gün qoca dərzinin
yanına gəldi. Dərzi isə yeni müqavilə
bağlamaq üçün səfərə çıxmalı
idi. Təyyarənin qalxmasına da az qalmışdı. Bir
az söhbətdən sonra qocanın halı pisləşdi. Çox keçməmiş təcili yardım gəldi. Qocanı
xəstəxanaya apardılar. Dərzi isə fürsəti əldən
vermək istəmirdi. Ona görə də xəstəxanaya
qocanın yanına yox, hava limanına üz tutdu.
Bir neçə gün sonra qoca artıq özünə gəlmişdi.
Təhlükə də xeyli arxada qalmışdı. İnfakt qocanı sındıra bilməmişdi. Qoca xəstəxanada
xeyli yatmalı oldu. Bu müddət ərzində dərzi
ona cəmi bircə dəfə zəng etməklə
kifayətləndi. Qoca isə dərzinin yolunu
gözləyirdi. Dərzinin başı pul qazanmağa o
qədər qarışmışdı ki, qocanı yoxlamağa da unutmuşdu. Aradan xeyli vaxt keçmişdi. Dərzi
bu dəfə utandığından qocanın yanına gedə
bilmirdi. Bu hadisədən sonra dərzinin işləri
axsamağa başladı. Əvvəlcə fabrikləri bağladı.
Sonra da tamamilə müflisləşdi. İndi onun
ümid yeri təkcə balaca emalatxanası idi. Utana-utana qocanın yanına gəldi. O, qocadan
harada səhvə yol verdiyini öyrənmək
istəyirdi. Qoca dərzidən bərk incisə də, özünü
o yerə qoymadı. Üzünü dərziyə tutub. «Sənə
bir
əhvalat danışacağam. Ona diqqətlə qulaq as. O vaxt səhvini başa düşəcəksən», — dedi və
danışmağa başladı: «Bir vaxtlar kasıb bir
odunçu var idi. Bir gün odunçunun
daxmasında yanğın baş verdi. Bu yanğın
təkcə daxmanı yox, bütün meşəni külə
döndərdi. Odur ki, eşşəyi ilə birlikdə baş götürüb o kənddən getdi. Bir meşənin
yanından keçəndə kiminsə onu çağırdığını
hiss etdi. Başını qaldıranda qarşısında bir
bülbül gördü. Bülbül: Sənin halına acıyıram.
İstəyirəm sənə kömək edim. İndi elə bir tilsim
edəcəyəm ki, eşşəyin oxumağa başlayacaq. Sən də kənd-kənd, şəhər-şəhər gəzib yaxşı
pul qazanacaqsan,» — dedi. Doğrudan da,
bülbülün sözlərindən sonra odunçunun
eşşəyi oxumağa başladı. Odunçu o
şəhər sənin, bu kənd mənim gəzib pul
qazanmağa başladı. Eşşəyin oxumağını görmək istəyənlərin sayı-hesabı yox idi. Çox
keçmədi ki, odunçu və eşşəyi bütün ölkəyə
səs saldı. Bir gün «tamaşaya» tələsən odunçu
yolda ondan kömək istəyən bülbülün səsini
eşitdi.
Bir pişik bülbülü tutub yemək istəyirdi. Odunçu ayaq saxladı. Ancaq " tamaşaya "
gecikdiyini xatırlayıb oradan uzaqlaşdı.
Nəhayət odunçu " tamaşa " yerinə çatdı.
Ancaq bu dəfə eşşəyi mahnı oxumaq əvəzinə
anqırmağa başladı. Odunçu " tamaşaya "
gələnlərin əlindən özünü güclə qurtardı. O, ancaq indi bülbülün öldüyünü və tilsimin
qırıldığını başa düşdü... Mən də sənin
bülbülün idim. Ancaq sən məni öldürdün.
Tilsim qırıldı və müflis oldun. Kaş ki, dərziliyi
bacardığın kimi dostluğu da bacaraydın... Bu
əhvalatı dinləyəndən sonra dərzi çıxıb getdi. Çünki, artıq deməyə heç bir sözü yox idi…

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά