VAY ONLARIN HALINA
32, Sumgayit, Αζερμπαϊτζάν

Qurani-Kərimin 29 yerində "Vay onların halına!",-"Yazıqlar olsun, məhv oldu onlar!",- deyən müdhiş dərəcədə sarsıdıcı, insanı titrədən xəbərdarlıq yer alıb.

Onların hansı ayələr olduğu ilə maraqlandım və taparaq bir-bir nuzül [eniş] sırasına görə düzdüm.
Bu gün də "Vay onların halına!" deyilən ayələr öz aktuallığını qoruyub saxlayıb...
Baxaq görək, 23 illik bu müddət ərzində vəhy kimlərə "Vay onların halına!" deyib:

["Ən kiçik köməyi belə rədd edərək, riyakarlıq edərək və boş-boşuna əyilib qalxaraq namaz qılanların vay halına!" Maun; 107/ 4-7 ]
Çox maraqlıdır ki, nuzül sırasına görə Quranın "Vay onların halına!" xəbərdarlığını yönəltdiyi ilk müxatib "namaz qılanlar"dır…
Yəni Quran ilk dəfə məhz "Dindarlıq nümayiş etdirənlərə" "Vay onların halına!", ‐ deyir. Müfəssirlərin çoxunun qənaətinə görə bu surə [Maun] vəhyin ikinci ilində və tam enən surədir. Surə, tamamilə, o günkü Məkkəyə başçılıq edən "Əbu Ləhəb" kimilərinə yönəlir. Yəni Əbu Ləhəbin başına topladığı 7-8 sələmçi dəllallardan ibarət olan "şəbəkənin" liderlərindən biri olan Əbu Cahili hədəf alır. Belə ki, onlar da özlərinə məxsus bir dindarlıq nümayiş etdirirdilər.

Daha doğrusu böyük müfəssir Əbu Muslim İsfəhaniyə görə Əbu Cahil namaz qılırdı. Əbu Cahilin namazı [salatı] belə idi: Kəbəyə gəlib ehtiramla dayanır [qiyam], tərifli sözlər söyləyir [qiraət], əyilir [ruku] və yerə baş qoyurdu [səcdə]…
Həzrəti Peyğəmbərin, bunu, bütləri inkar edərək və yalnız Allah üçün etdiyini görüncə isə dəliyə döndü. Ona mane olmağa çalışdı [Ələq; 96/9-10].
Məhz Maun surəsi tarix boyunca onu və onun kimi olanları/olacaqları deşifrə edir.
Yəni Quran "Vay halına" deməyə "Namazlı Əbu Cahillər"dən başlayır…
Və [bu gün üçün] demək istəyir ki: Qonşusu ac ikən tox yatanların, insanlar aclıq sərhədindəykən villa üstünə villa alanların, küçələr dilənçi, yetim, yoxsul, qəriblərlə dolu ikən bu villalarda səhərə qədər yun səccadələrdə namaz qılanların vay halına! Məzlumun ahı ərşə yüksələrkən, yoxsulun aclığı yeri deşərkən, yetimin ağlaması ərşi çatladarkən sadəcə qıldıqları namazlara güvənərək cənnətin qapısına qaçanların vay halına!

Onlar riyakarlıq edirlər. Qıldıqları namazda, etdikləri duada xeyir yoxdur. Kürsülərdən nitq söyləməkdən xoşlanırlar. Dəvət olunduqları süfrələrdə doyunca yeyib "əlhəmdülillah" dedikdən sonra,"Mübarək səhabə əfəndilərimiz aclıqdan qarınlarına daş bağlayardılar" deyə gözləri dola-dola onlar haqqında danışarlar. Mövlud gecələrində, gülyağı ətirləri arasında səhabələrin həyatlarından bəhs edərlər. "Sünnədir inşallah" deyə qabın kənarında heç bir şey buraxmadan yedikcə yeyərlər, amma qabın içindəkini başqasıyla bölüşməyi heç düşünməzlər. Hər yeməkdən sonra "huril-iyn" [1] duaları edərlər; ev üstünə ev, qadın üstünə qadın almaq istəyərlər.

Nədənsə hər şeyə özlərini layiq bilərlər. Onlar var ikən başqaları ağıllarından belə keçməz. Allah gözəl və zəngin nemətlərini nədənsə həmişə onların üzərində görməkdən “xoşlanır”. Onlar həm namaz qılır, dindar görünür, həm də bir kapitalistdən daha betər mal, mülk və pul düşkünüdürlər. Ən kiçik yardımı etməyə belə simiclik edərlər. Barlarda, pavilyonlarda pul xərcləməzlər, amma saray kimi malikanələrinə milyardlar tökərlər. Heyflərini maldan mülkdən, güclü görünməkdən çıxararlar. Kiməsə yardım etmək onlar üçün kəlbətinlə ətlərini qoparmaqdır. Üzdən namazlı, niyazlı daxildən zavallı bir dindarlıq… Çölü Müsəlman daxili kapitalist bir əhli-namazlıq…

Bu hallarıyla Allaha deyil gücə və güclüyə tapınarlar. Özündən güclü olana kölə, özündən zəifə qarşı da Firon olarlar. Allahın məhz onun üçün verdiyini sandığı zənginliklərinə "əlhəmdülillah" deyib gözlərinin önündəki acı, yoxsulu heç cür görməzlər. Yoxsulluq, əzilən, əmək və s. kimi kəlmələri eşidincə "asilik" edildiyini zənn edərlər. "Müsəlman güclü olacaq, hər şeyin ən yaxşısını geyəcək, ən yaxşı yerlərdə oturacaq" deyə israr edərlər. "Mən Müsəlmanın zəngin olanını sevirəm" deyə də ağıllarına gələn bir hədis uydururlar. Vay onların halına!
["[Yoxsullarla] lağ edən hər adamın vay halına! O, mal toplayar və saydıqca sayar. Elə hesab edər ki, malı onu əbədiyyətə qədər yaşadacaq." Hüməzə; 104/1-3]
Yəni insanların aclığını, yoxsulluğunu və çarəsizliyini lağa qoyanların vay halına! Dərisinin rənginə, bölgəsinə, yaşadığı evə, geyiminə, qaşına, gözünə baxaraq lağ edənlərin, əlil, şikəst, xəstə olanlara lağ edənlərin vay halına! Pullarını saya-saya bitirə bilməyənlərin, dönüb-dönüb təkrar sayanların, saydıqca keyf alanların, "alçaq dağları mən yaratdım" havasına girənlərin vay halına! İnsanlara yuxarıdan baxanların, yoxsulları böcək kimi görüb Mammonaya [pula, qızıla] səcdə edənlərin və pul xışıltısından ibadətmiş kimi zövq alanların, dönə-dönə təkrar sayaraq zikr edənlərin vay halına!

["Bilərsənmi, nədir ayırd etmə günü [yevmu'l-fasl]? O gün yalan danışanların vay halına!" Mursəlat; 77/8-15]
Yəni bilərsənmi haqlı ilə haqsızı, zalım ilə məzlumu, güclü ilə zəifi, pula ibadət edənlərlə Allaha ibadət edənləri, haram yeyənlə halal dolananı, günahkarla namuslunu, fırıldaqçı ilə dürüstü, gerçək ilə saxtanı, mənfəət ilə əməyi, insana təcavüz edənlə insanı ucaldanı, riyakar ilə səmimini, din üzərindən mal yığanla, malını din üçün xərcləyəni ayıracaq o günün nə olduğunu bilərsənmi? O gün mütləq gələcək. "Elə bir gün yoxdur, nə etsəm qazancdayam” deyənlərin vay halına!

["Biz göyü, yeri və arasındakıları boş yerə yaratmadıq. Cəhənnəmi inkar edən o kafirlərin vay halına! Sad; 38/27]
Yəni həyat boş, hər şey boş, həyatın mənası şərab və qadındır deyənlərin, Monqol orduları kimi həyatın mənasını "Düşmənin qadınlarını ələ keçərmək" fəlsəfəsində görənlərin, həzzə və şəhvətə tapınanların, arzularına kölə olanların, əyləncəni zikr hesab edənlərin, nə cənnət var, nə də cəhənnəm; ye, iç əylən deyərək oyunda, əyləncədə olanların vay halına!

["Məhz haqqında mübahisə etdikləri Məryəm oğulu İsa barədəki həqiqətlər bunlardan ibarətdir. Allaha [özü üçün] övlad götürmək yaraşmaz. Allah bu kimi şeylərdən uzaqdır. Allah bir iş etmək istəsə ona sadəcə "Ol!" deyər, o da olar. İsanın dediyi də bu idi: "Allah mənim də Rəbbim sizin də Rəbbinizdir. Onun üçün yalnız Ona ibadət edin. Doğru yol məhz budur." Hal belə ikən bəzi qruplar öz aralarında mübahisə edirlər. Böyük gün gəlib çatdığı zaman vay onların halına!" Məryəm; 19/34-37]

Yəni insanlardan bəziləri "İsa bir üsyançı, saxtakar və vələdi-zinadır [zinadan doğulan uşaq]", bəziləri "O, bir tanrıdır/tanrının oğuludur; bizim üçün özünü fəda edərək insanlığı ölüm mühakiməsindən qurtarmışdır", bəziləri də "Öldükdən üç gün sonra dirilmişdir. Tanrı onu göyə qaldırmışdır, qiyamətə yaxın dünyaya geri dönəcək" deyirlər. Bu cür özünə təsəlli verənlərin vay halına!
["Allahın köksünü İslama açdığı şəxsə Rəbbindən bir aydınlanma gəlməmişmidir? O halda Allahı unudaraq qəlbləri qaralanların vay halına!" Zumər; 39/22]
Yəni Allahı unutmaqdan qəlbi qaralmışların, vicdanı donmuşların, ağılı tutulmuşların, zehni kütləşənlərin vay halına! Qəlbləri bomboş olanların, gözləriylə görə bilməyən, qulaqlarıyla eşidə bilməyən karların, korların, lalların vay halına! Allahın sözlü və hikmətli ayələrini “çoban səsini qışqırtı sanan sürülər” kimi qəbul edənlərin vay halına! Həyatlarında bir dəfə olsun "Allah var, ölüm haqdır" deyə bilməyənlərin vay halına! Vicdansızların, ağılsızların, ürəksizlərin vay halına!"
["Belə deyirlər: "Bizi çağırdığın şeyə qarşı qəlblərimiz örtülüdür. Qulaqlarımızda da karlıq var və səninlə aramıza bir pərdə çəkilmişdir. İstədiyini et, biz bildiyimizi etməyə davam edəcəyik." Onlara de: "Mən sadəcə sizin kimi bir insanam. Mənə tanrınızın Tək Tanrı olduğu vəhy olunur. Onun yolunda olun və bağışlamasını diləyin. Ona şərik qoşanların vay halına!" Fussilət; 41/2].

Yəni "Nə söylənirsə söylənilsin, eşitmirik, anlamırıq" deyənlərin, "Söylənilənlərə qulaqlarımız kar, qəlbimiz pərdəlidir; yalnız bizim bildiyimiz doğrudur, başqalarının söylədikləri yanlışdır”deyənlərin, özləri üçün yaratdıqları bütlərini heç cür qıra bilməyənlərin vay halına!
["İsa açıq‐aydın dəlillərlə gəldiyi zaman "Mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! Mənim də Rəbbim, sizin də Rəbbiniz ancaq Odur. Onun üçün yalnız Ona ibadət edin. Məhz doğru yol yalnız budur” dedi. Sonra onlar öz aralarında ayrılığa düşdülər. Ağrılı bir günün əzabından ötəri vay o zalımların halına!" Zuxruf; 43/63-65].

Yəni Həzrəti İsanın vəfatından sonra onun ardından gələn bəzi qurplar onun barəsində ixtilafa düşdülər. Fərqli-fərqli fikirlər irəli sürdülər. Bəziləri Həzrəti İsanın Tanrıdan bir parça olduğunu, bəziləri Tanrının oğlu olduğunu, bəziləri də öldükdən üç gün sonra yenidən dirildiyini, göyə çəkildiyini, indi bu an göydə Tanrının sağ tərəfində oturub dünyanı müşahidə etdiyini, bəziləri də qiyamətə yaxın yenidən dünyaya geri dönəcəyi fikrini irəli sürdülər. Əski dünya dinlərinin "ölüb dirilən Tanrı" [Misir], "göydə yaşayan Tanrı oğulları" [Şumer/Aqqad/Babil] "əfsanəvi böyük xilaskar" [hind/Cayna] inanclarına geri dönərək İsanı onlara alət etdilər. Həzrəti İsa bunlardan uzaqdır, onlarla heç bir əlaqəsi yoxdur. Onun açıq-aşkar mesajı bu idi: "Mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! Mənim də Rəbbim, sizin də Rəbbiniz ancaq Odur. Onun üçün yalnız Ona ibadət edin. Məhz doğru yol yalnız budur” Bunu inkar edib oğul/məsih/mehdi düçüncələrinə dalanların vay halına!

Ardı var...

[1]Namaz üçün iqamə oxunduqda [və ya namaz bitdiyində] səma qapıları açılar və dualar qəbul olunar Namazı bitirən kimsə, heç bir şey söyləmədən "Allahummə əcri minənnar və ədhilnil Cənnətə və zəvvicni minəl huril-iyn" deməzsə; mələklər, "Yazıqlar olsun ona, cəhənnəmdən qorunmasını istəməkdən aciz oldu", "Yazıqlar olsun, Cənnəti istəməkdən aciz oldu," Hurilər isə, "Yazıqlar olsun, Allahdan özünün huril-ıyn ilə evlənməyi istəməkdən aciz qaldı" deyərlər....

 
Σχόλια
jale--85 19.05.2011

sag ol.ardini sebirsizlikle gozleyirem.Allah komeyin olsun

Habil Məmmədov Habil Məmmədov 20.05.2011

twk

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά