Fəqihlərin və din Müctehidlərinin fətvaları arasında olan ixtilafların elmi səbəbləri.
49, Moscow, Ρωσία

Fəqihlərin və din Müctehidlərinin fətvaları arasında olan ixtilafların elmi səbəbləri. (Sizi and verirəm Şəhidlər Ağası İmam Hüseynə (ə) , axıra kimi oxuyun !) Allahın adıyla......Bir neçə gün bundan öncə bir neçə qardaşlarım bu barədə yazmağımı istəmişdilər. Vaxtın azlığından dərhal cavab verə bilmədim və dərhal cavab verə bilmədiyimə görə ürəyim darıxır, könlüm qüssədən qəhərlənirdi. Axı bu məsələ barəsində çoxlu yersiz mübahisələr yaranmış, yüzlərlə mömin əziz qardaşlarımızın arasında münaqişə alovu alovlanmışdır. Lakin ümüdvaram ki, məsələnin elmi səbəblərini və amillərini dərk edəndən sonra heç bir mübahisəyə yer qalmayacaqdır, əksinə hər bir mömin və müsəlman öz lazım olan vəzifəsinə əməl etməyə çalışacaqdır.Müqəddimə ; 1).Onu qeyd etmək lazımdır ki, fəqih və alimlərin fətvaları arasında ixtilaf, təkcə Şiə alimlərinə aid deyildir. Əgər Əhli-Beyt məktəbinin alimləri bir məzhəb adı altında ixtilaf edirlərsə, digər məzhəbin alimlərinin ixtilafları ayrı-ayrı məzhəblərin yaranmağına səbəb olmuşdur. Məhz ona görə də Əhli-Sünnə məzhəbi Hənəfi, Hənbəli, Maliki və Şafii məzhəblərindən ibarətdir.2). Nəinki din alimlərinin, ümumiyyətlə fikir ayrılıqlarını və rəydə olan ixtilafları hər bir sahənin mütəxəssislərinin arasında görmək olar. Nə çox həkim , digər həkimin reseptini cırıb tullayıb ??!!! Nə çox mühəndis , digər mühəndisin tikdirdiyi binanı yıxıb ??!!! Və sairə.......Bunu qəbul etmək lazımdır ki, din məsələsində olan ixtilaflar daha tez nəzərə çarpır. (Nəzərə alsaq ki, İblisin də bu ayrılmalardan istifadəsi, imanlı və inamlı cəmiyyəti parçalamaqdan ötrü təlaşı da mövcuddur). 3). Allah təbarəkə və təala müqəddəs kitabında buyurur:-"Elm və yəqin olmadığın bir işin dalınca getmə" (İsra surəsi/36) . "Həqiqətən zənn və güman insanı haqqa çatdırmaz" (Nəcm surəsi /28). Bu iki ayəyə əsasən hər bir fəqih və müctehid yəqinə çatıb, fətva verməlidir. Çünki yəqinə çatmadan hökm etməyi Allah, İsra surəsinin 36-cı ayəsində nəhy etmişdir. Digər ayədə isə yəqin olmadan haqqa çatmağın qeyri -mümkün olması göstərilib. Deməli bu iki ayəyə əsasən, bir fəqih və müctehidin , digərinə təqlid etməsi yasaqdır. Çünki təqlid insana zənn və güman verir, yəqin yox. Bunu ona görə deyirəm ki, bəzi insanların dilində bu cür sözlərə rast gəlinir. Məsələn, niyə Filan müctehid, o biri deyəni demir ? Nə üçün bütün müctehidlər eyni fikrə gəlmir ? Və sairə və ilaxır..... Əgər bir müctehid bir nəticə də yəqinə çatıbsa, o necə ola bilər ki, yəqini ola-ola digərinə müraciət etsin ?!!!(Diqqətlə düşün !!!) Təqlidin zənn və güman hasil etməsinə baxmayaraq, amma biz insanların etdiyi təqlid kifayət və müczidir. Ona görə ki, heyrətdə qalıb, kor-koranə əməl etməkdənsə bir alimin və fəqihin sözünə əməl etmək daha gözəldir. (Onu da deyim ki, çoxlu hədislərimiz də İmam Zaman ağanın (əc) qeybdə olduğu müddətdə , din alimləri və fəqihlərinə müraciət etmək, İmamlarımız (ə) tərəfindən bizə əmr olunmuşdur). Yuxarıda qeyd olunan müqəddimələrdən sonra , əsas mətləbə-yəni ixtilafın elmi səbəblərinə başlayaq. Bildiyimiz kimi, şəriət hökmlərinin məsdəri 4-dür. Quran , Sünnə , İcma və Əql. Yəni-hər bir din alimi, hökm əldə etmək istəyirsə, o zaman əvvəlcə Qurana. sonra Sünnəyə, ondan sonra İcmaya və daha sonra bəzi əqli qaydalara müraciət edir. 1.Quran. Alimlər arasında, Qurandan hökm çıxaran zaman ixtilaf ola bilərmi ??!! Quranın sənədinin mötəbər olmasında və Quranda təhrifin olmamasında bütün İslam alimləri eyni fikrə malikdirlər. Quran İlahi kitabdır və ondan nə bir hərf azaldııb, nə də bir hərf ona artırılıb. Bu məsələ də ixtilaf yoxdur (bir iki ağılsız "alimləri" çıxmaq şərti ilə). Amma Quran ayələrinin dəlaləti barəsində ixtilaf vardır. Yəni-bir ayəni bütün din alimləri Allah kəlamı olmasını qəbul edir, lakin bu qəbul olunmuş ayə hansı mənaya dəlalət edir ??? Bunda ixtilaf vardır. Məsələn, Maliki məzhəbinin banisi İmam Malik , bir ayədən istifadə edib, itin ağzının suyunun pak olmasına fətva verib. Maidə surəsinin 4-cü ayəsində Allah buyurur:-"ov itlərinin sizə gətirib verdiklərindən yeyin". İmam Malik deyir ki, əgər ov itinin ağzının suyu murdar olsaydı, Allah deməzdi ki, onu yeyin, çünki murdarı yemək olmaz. Bu ayəni digər fəqihlər və alimlər də qəbul edir, ola bilməz ki, qəbul etməsin. Amma ayənin dəlalətində ixtilaf vardır. Onlar bu ayəni belə izah edirlər ki, Allah təbarəkə və təala bu ayədə, ov itinin ovladığının halal olmasından danışır. Amma o ovu yuyub yemək lazımdır, yoxsa yumadan da yemək olar , bu artıq başqa məsələdir, bunun üçün digər dəlillərə baxmaq lazımdır, baxarkən itin murdar olmasını görürük, istər ov iti olsun istərsə də digər itlər. Nə isə, bu bir həqiqi və real misal idi. Deməli fiqh elmində Qurandan istinbat edərkən alimlər arasında ixtilafın şahidi oluruq. Bu cür ixtilafları ayrı-ayrı məzhəblərin və hətta bir məzhəbə mənsub olan alimlər arasında da görmək mümükündür.Və yaxud Vaqiə surəsinin 79-cu ayəsində Allah buyurur:-"Qurana yalnız mutəhhərlər toxuna bilər". "Mutəhhər" sözünün iki mənası vardır. 1.Paklanmışlar. 2.Paklananlar.(Yəni-dəstəmazlı olanlar). Birinci mənanı götürsək, ayənin mənası fiqh elmindən uzaqlaşır, yəni-məna bu olur ki, Quranın həqiqi təfsirçiləri paklanmış Peyğəmbərimiz və onun pak Əhli-Beytidir (ə). İkinci mənanı götürsək, fiqh elminə aid olur ki, mənası -dəstəmazsız Qurana toxunmaq olmaz. 2). Sünnə. Sünnə-Məsumların (ə) kəlamlarına və onların əməllərinə deyilir. Burda da eyni ixtilafa şahid oluruq. Amma Sünnədə Qurandan fərqli olaraq ixtilaf təkcə dəlalət də deyil, sənəddə də baş verir. Məsələn, eyni bir hədis, hər hansı bir alimin nəzərində səhih , digər alimin nəzərində isə zəif ola bilər. Amma Quran ayələrində belə bir ehtimal yoxdur. Dediyimiz kimi Quran ayələrini şəksiz və şübhəsiz hamı qəbul edir. Lakin hansı mənaya dəlalət edir , deyə ixtilafımız vardır. Amma Sünnədə hər iki tərəfdən-həm sənəd baxımından, həmçinin də dəlalət baxımından-ixtilaf mümkündür. Sual: Necə ola bilər ki, bir hədis, bir alimin nəzərində səhih, digər alimin nəzərində isə zəif ola bilər ??!!!Cavab: "Rical elmi" deyilən bir elm var, bu elmin funksiyası hədislərin sənədin də olan ravilərin (hədisi nəql edənlərin) avtobioqrafiyasını -tərcümeyi halını öyrədir. Bu elmdə ən mötəbər kitablarımız, "Rical-Kişşi", "Rical-Şeyx Tusi", "Fehrest-Şeyx Tusi" və "Rical -Nəcaşi"dir. Bu kitablar hədis deyənlərin -yəni hədisin sənədində olan insanların kimliyini bizə çatdırır. Niyə görə Nəcaşınin və yaxud Şeyx Tusinin ravilər barəsində dediklərini qəbul edirik. İki səbəb ola bilər.1.Çünki onlar bu sahədə mütəxəssisdirlər. (Ağıllı insanların həyat tərzi budur ki, bilmədiyi işlərdə o sahənin mütəxəssisinə müraciət edib, onun sözünü qəbul edirlər). 2.Çünki onlar adil və mömin insandırlar , mömin və adil insanın sözü və şəhadəti şahid qismində İslamda qəbul olunur.Fərz edək ki, iki müctehid vardır. Misalımız və fərziyyəmiz doğru olsun deyə misal üçün ad çəkirəm. Məsələn, Məkarim Şirazi ağa (Allah ömrünü uzun etsin) ricalçıların sözünü mütəxəssis olduğuna görə qəbul edir, amma Nuri Həmədani ağa (Allah ömrünü uzun etsin) isə, ricalçının sözünü şahid qismində qəbul edir. Diqqətlə qulaq as, xahiş edirəm. Hər hansı bir ravini -hədisi nəql edəni götürək, misal üçün "Məhəmməd ibni Əbi Umeyr". Onun kimliyini bilmək üçün Rical elminə müraciət edirik. Görürük ki, Yalnız bir ricalçı alim, məsələn, Nəcaşı onu adil hesab edir. Digər ricalçı alimlər Kişşi və Tusi, onun barəsində heç nə deməyib. Bu zaman Məkarim Şirazi Ağa , onun hədisini "səhih" hesab edəcək və o hədisə əsasən hökm verəcək. Amma Nuri Həmədani Ağa , onun hədisini "zəif" hesab edəcək, çünki Məhəmməd ibni Əbi Umeyr onun nəzərində məchul hesab olunur. Burda sual verilsə ki, axı Nəcaşı onun barəsində adil deyib və yazıbdır. Nuri Həmədani Ağa cavab verəcək ki, mən ricalçının sözünü şahid qismində qəbul edirəm, İslam dinində isə bir nəfərdən şahid olmur, ən azı iki nəfər şahid olmalıdır ki, o adil insandır. Lakin Məkarim Şirazi Ağanın nəzərində bu problem yoxdur, çünki o, ricalçının sözünü mütəxəssis kimi qəbul edir, mütəxəssisin sözünü qəbul etmək üçün bir nəfər yetərlidir. Sonda , Məkarim Şirazi Ağa o hədisə söykənib, onun əsasında fətva verəcək, amma Nuri Həmədani Ağa isə o hədisi zəif sayıb, tərk edəcək və "üsul-əməliyyə" deyilən qaydalara müraciət edəcək. (Elə bilirəm ki, əzizlərim diqqətlə oxusalar , rahatlıqla başa düşəcəklər Allahın izni ilə). 3.İcma. İcmanın növləri vardır. İcma muhəssəl, İcma mənqul, İcma mədrəki və İcma lutfi. Bu icma növləri, bəzi alimlərin yanında hüccət hesab olunur, bəzilərinin isə nəzərində hüccət hesab olunmur. Üçüncü qism alimlər var ki, ümumiyyətlə İcmanı müstəqil dəlil hesab etmirlər və onların nəzəri budur ki, İcma o zaman hüccət olur ki, Sünnəni kəşf etsin. Bu cür elmi ixtilafların nəticəsi şəksiz və şübhəsiz, hökmlərin nəticəsinə də təsir edir. Və sonda fətvalarda ixtilaf meydana gəlir. (Bu mövzu geniş olduğuna görə izahı tərk edirəm).4. Əqli qaydalar. Bu qaydalardan məqsəd əqli bədihi qaydalardır. Mənası o deyildir ki, hər bir insan öz ağlı ilə şəriət hökmünü istinbat edə bilər. Məsələn, Namaz vacibdir. İnsan ağlı asanlıqla başa düşür ki, vacib bir əməlin tərki haramdır və sairə........Bəzi belə qaydalar da var ki, onlar bir din alimin nəzərində hüccət hesab olunur, digərlərinin nəzərində isə hüccət hesab olunmur. Real bir misal; Vacibin bir hissəsində və cüzündə olan nəhy , o vacibi batil edirmi ??? Cavab: Bir qism alimlər deyir ki, batil edir. İstər bu cüz daxili cüz olsun (rüku-rüku namazın daxili cüzüdür), istərsə də xarici cüz olsun (dəstəmaz). Digər aimlərin nəzəri budur ki,əgər nəhy, namazın daxili cüzündə olarsa , namaz batil olar, amma xarici cüzündə olarsa, namaz batil olmaz. İndi bu dediyimizi tətbiq edək. Hədislərimizdə rükü halında tərpənmək barəsində nəhy gəlibdir. Yəni-bədən sabit olmalı , hərəkət etməməlidir. Hər kəs bu nəhyə riayət etməsə, namazı batildir. Burda ixtilaf yoxdur, çünki rüku namazın daxili cüzüdür. Eyni zamanda qəsbi su ilə dəstəmaz almaq üçün də nəhy varid olub. Amma bir kəs qəsbi su ilə dəstəmaz alsa, bir qism alimlərin nəzərində namazı batil, digər alimlərin nəzərində isə namazı düzdür, amma günah etmişdir. Çünki dəstəmaz namazın daxilində yox, xaricində olan cüzüdür. Deməli namazın cüzündə olan nəhy namazı batil edirmi, qaydasında olan ixtilaf şəriət hökmünün nəticəsinə təsir etdi. Bəzən də ixtilafın səbəbi, hökmün mövzusunda olan dəyişikliyə görə baş verir. Hökm dəyişmir, sadəcə mövzusu aradan gedir. Bir neçə misal gətirmək istəyirəm. Məsələn, 1.Heykəltaraşlıq və rəssamlıq. Bir zamanlar bütpərəstliyin rəvac tapıb, yayılmasından ötrü "mövzu" olduğuna görə haram deyilirdi. Amma indiki zamanda bütpərəstliyin yayılmasından ötrü amil olmadığına görə , "mövzusu" aradan gedib və yaxud gedir. Zəmanəmizdə elm və hünər hesab olunur. 2. Qara paltar geyinməyin məkruhluğu. Bir zamanlar Bəni-Abbasini təmsil etdiyinə görə bəyənilmirdi, amma indi qara libas görəndə Bəni-Abbas yox, müsübət yada düşür. 3. Şahmat. Bir zamanlar qumar üçün "mövzu" olduğuna görə, haram buyrulmuşdu. İndi isə idman üçün "mövzu" olduğuna görə, bəzi alimlər tərəfindən halal deyilir. Amma -əstəğfirullah , nəuzu billah- bizim məqsədimiz fətva vermək deyil, sadəcə ixtilafın səbəblərini aydınlaşdırmaq istədim. Çünki böyük fəqihlərimiz və din alimlərimizdən bir çoxu, indi də rəssamlıq və heykəltaraşlığı, şahmatı haram, qara paltar geyinməyi məkruh hesab edirlər. Çünki onların nəzərində bu hökmlərin haram olmasından ötrü "mövzusu" aradan getməyib. Bütün alimlərimizin görüş və nəzərlərinə ehtiramla yanaşmaq vacibdir. Allah, alimlərimizi və fəqihlərimizi hifz etsin. Amin !!!!! Əzizlərim , qardaşlarım, heç bu cür elmi ixtilaflara görə, düşmən mövqeyi tutmaq yarıyarmı ???!!!! Fəqih və din aliminin vəzifəsi, yəqinə çatıb hökm vermək, bizim vəzifəmiz isə təklifimizə əməl etməkdir. Hər bir müsəlman, bir fəqihin və müctehidin fətvasına əməl edirsə, inşaallah ki, onun üçün yetərli və kifayətdir. Bundan daha geniş və ətraflı da yazmaq olardı, amma vaxtın azlığından bu miqdarla kifayətlənirəm. Qurandan başqa bir kitabdan istifadə etməmişəm, ətraflı öyrənmək istəyənlər bu barədə yazılmış kitablara müraciət edə bilərlər. İlahi, müsəlmanların düşüncə və əqidə birliyinə kömək ol !!! İslamı və müsəlmanları əziz və qüdrətli elə !!! Seyid Ağarəşid Boradigahlı. 12.12.2013.

 
Σχόλια

Δεν υπάρχουν ακόμα σχόλια.
Πρόσθεσε ένα σχόλιο για να ξεκινήσεις τη συζήτηση!

Blog
Τα blogs ενημερώνονται κάθε 5 λεπτά